2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi. Bu gün Xocalı şəhidlərinin ruhu şaddır.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Qusar rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar təşkil olunan anım mərasimində bildirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimində Qusar Dövlət Ləzgi Dram Teatrının hazırladığı “Çiçəklən, Xocalı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Səhnə əsərində Xocalı faciəsi zamanı dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər, xalqımızın yaşadığı dərin mənəvi sarsıntılar təsirli səhnə dili ilə canlandırılıb. Eyni zamanda, kompozisiyanın ideya xəttində bu gün artıq Azərbaycanın qalib xalq kimi tarixi ədaləti bərpa etməsi, Xocalının işğaldan azad olunması və şəhidlərimizin qanının yerdə qalmadığı ifadə olunub.
Xocalı faciəsinin qurbanlarının xatirəsi saat 17:00-da rayon ərazisində bir dəqiqəlik sükutla yad edilib.

