Gəncədə Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə-2” yaşayış massivində yerləşən “Xocalı” abidəsinin önündə soyqırımın 34-cü ilinə həsr olunmuş anım mərasimi təşkil olunub.
“Tehsil365" xəbər verir ki,əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Xocalı soyqırımı barədə məlumat verilib. Bildirilib ki, cinayətkar erməni qoşunlarının törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülmə və təhqirlərə məruz qalıblar. Xocalıda öldürülmüş 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin qürurunu yaşayır.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Azərbaycan xalqı Xocalı faciəsini və soyqırımı qurbanlarını heç vaxt unutmayacaq.
Saat 17:00-da Xocalı faciəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmilər “Xocalı” abidəsinin önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Qeyd edək ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda tədbirlər təşkil olunub, həmçinin gün ərzində “Xocalı” abidəsi vətəndaşlar tərəfindən ziyarət edilib.

