26 fevral 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca soyqırımı qurbanları və ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Tehsil365" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə hadisənin səbəbləri, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə məlumat verib. M.Abbaszadə Xocalı soyqırımının təkcə Azərbaycan xalqının deyil, bütün insanlığın faciəsi olduğunu diqqətə çatdırıb. Sədr artıq xalqımızın Xocalı soyqırımını 44 günlük müharibədə qələbə qazanmış qalib xalq, güclü millət kimi yad etdiyini, Xocalı şəhərində üçrəngli Dövlət Bayrağımızının ucaldılması ilə soyqırımı qurbanlarının ruhunun şad, xalqımız üçün isə böyük bir təsəlli olduğunu bildirib.
Tədbirdə daha sonra çıxış edən kollektivin digər üzvləri Xanlar Xanlarzadə, Nəsimi Məmmədov və Faiq Həsənov faciənin geniş təfərrüatı, hüquqi-siyasi məqamları və nəticələri haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Xocalı soyqırımının qurbanlarına, o cümlədən Vətənimizin bütövlüyü uğrunda canını qurban vermiş bütün şəhidlərə bir daha Allahdan rəhmət diləyirik!
Ruhları şad olsun!

