Azərbaycan Dillər Universitetinin beynəlxalq jurnalistika tələbəsi təhsil illərində qazandığı praktiki biliklərdən və yaradıcı sahələrə olan marağından danışıb. O, jurnalistika olmasa, aktyorluq, rejissorluq və xoreoqrafiya kimi sahələrdə özünü görəcəyini bildirib.
Humay Əzizli “tehsil365”ə verdiyi müsahibədə qeyd edib ki, bu illər ona həm nəzəri, həm də praktik bilik qazandırıb və gələcəkdə yaradıcılıqla bağlı seçimlərini daha aydın görməsinə kömək edib.
– Ali təhsil müəssisəsində aldığınız təhsildən razısınızmı?
“Ümumilikdə ali təhsil müəssisəsindən razıyam. Müəllimlərin peşəkarlığını və dərslərin məzmununu qiymətləndirirəm. Nəzəri biliklər yaxşıdır, amma bəzi texniki problemlər mövcuddur. Xüsusilə jurnalistika ixtisasında praktik dərslərin keyfiyyəti üçün daha müasir avadanlıqlar – professional mikrofonlar, kameralar – olsaydı, iş daha keyfiyyətli olardı. Bəzən layihələr çəkərkən səs və işıq keyfiyyəti zəif olur, bu da nəticəyə təsir edir. Otaqlar da daha komfortlu olsa, oxumaq və işləmək daha motivasiyalı olar. Ümumilikdə müəllimlər və dərslər yaxşıdır, lakin texniki şərait yaxşılaşdırılmalıdır.”
– Bu gün jurnalistika ixtisasında təhsil almasaydınız, hansı ixtisası seçərdiniz?
“Düzünü desəm, jurnalistika olmasa, yenə də yaradıcı bir sahə seçərdim. Mən klassik peşələrdə – məsələn, həkim və ya müəllim kimi özümü görmürəm. Media sahəsində qalmaq, rejissorluq və ya aktyorluq ilə məşğul olmaq mənə daha yaxın olardı. Hətta beşinci sinifdə teatrda aktyorluqla məşğul olmuşam. Rəqslə marağım da var, bəlkə xoreoqrafiya oxuyardım və ya rəqs müəllimi olardım. Ümumilikdə mümkün seçimim yenə də yaradıcı və səhnəyə yaxın sahələr olardı.”
– Təhsil aldığınız illər ərzində nə əldə etmisiniz?
“Təhsil müddətində həm ümumi biliklər, həm də ixtisasla bağlı praktik biliklər qazandım. Kameradan istifadə, kadr arxasında duruş, jurnalistin davranışı, sual vermə texnikası, geyim və təqdimat nüansları kimi praktiki biliklər öyrəndim. Bundan əlavə, jurnalistikanın tarixi – köhnə Azərbaycan mətbuatı, köhnə qəzetlər, əski Azərbaycan yazısı – haqqında məlumatlar da aldım. Bu illər mənə həm bilik, həm də təcrübə qazandırdı və sahəmi daha yaxşı tanımağa imkan verdi.”

