Krımda çıxan “Nenkecan” jurnalının yeni nömrəsi Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilib.
“Tehsil365" xəbər verir ki, jurnalın baş redaktoru Zera Bəkirova Birinci Türkoloji Qurultayda Krım-tatar xalqını təmsil edən səkkiz şəxsiyyət – Bəkir Çobanzadə, Mahmud Nedim, Həsən Səbri Ayvazov, Həbibulla Odabaşı, İsmayıl Lemanov, Osman Akçokraklı, Şövqü Bektore, Yakub Kamal haqqında, habelə Qurultayın tarixi, iştirakçıları və əhəmiyyəti barədə oxuculara ətraflı məlumat verib.
Eyni zamanda, fevralın 26-da “Nenkecan” qadın jurnalının təşəbbüsü ilə Krımın Ağməscid şəhərində 1926-cı il fevralın 26-da Bakıda “İsmailiyyə” sarayında başlamış Türkoloji Qurultayın 100-cü ildönümü münasibətilə iftar süfrəsi açılıb. İftar mərasimində 1937-1938-ci illərdə repressiyaya məruz qalan Qurultay nümayəndələrinin xatirəsi hörmətlə anılıb. Daha sonra jurnalın baş redaktoru Zera Bəkirova, Krım Mühəndislik və Pedaqoji Universitetinin dosenti Lenura Koroğlu, İstanbul Universitetinin doktorantı Gülnar Seitvaniyeva və ədəbiyyatşünas alim Cəmilə Süleymanova çıxış edərək, Qurultayın Türk dünyasındakı izlərindən və ana dilinin qorunması üçün aparılan mübarizələrdən, ortaq türk əlifbasına keçməyin əhəmiyyətindən, Azərbaycanda Qurultaya hazırlıqdan, əlifba islahatından, Türk dünyasının birliyindən danışıblar.

