Xocalı Faciəsinin 34-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı və Şamaxı bölmələrində “Xocalı faciəsi – tarixin qan yaddaşı” adlı anım tədbiri keçirilib.
Bu barədə “Tehsil365"ə rəsədxanadan məlumat verilib.
Hər iki tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxışında vurğulayıb ki, 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi XX əsrin ən dəhşətli insanlıq cinayətlərindən biridir. Dinc əhaliyə qarşı törədilmiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş ağır cinayətdir. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və soyqırımının tanıdılması istiqamətində aparılan sistemli fəaliyyət əhəmiyyət daşıyır. Müstəqil Azərbaycan dövləti şəhidlərin xatirəsini daim uca tutur və onların əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Digər çıxış edənlər Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının informasiya müstəvisində mühüm vəzifə olduğunu söyləyiblər.
Tədbirlərin yekununda Bakıda və Şamaxıda soyqırımı abidələri ziyarət olunub.

