Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi Azərbaycan elmi və mədəni ictimaiyyəti üçün xüsusi əhəmiyyətə malikdir. Bu mötəbər Qurultayın məhz Bakıda təşkil olunması onun Azərbaycan türkologiyasının tarixi uğurları sırasında özünəməxsus yer tutduğunu göstərir.
“Tehsil365" xəbər verir ki, bu fikri AMEA-da “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib. O bildirib ki, Birinci Türkoloji Qurultay türk xalqlarının sosial, siyasi və mədəni inkişafında yeni mərhələnin başlandığını nümayiş etdirməklə yanaşı, türkologiya elminin də bu irəliləyişə istiqamət verməli olduğunu ortaya qoyub: “Birinci Türkoloji Qurultayın tarixi missiyası barədə bəhs edənlər adətən deyirlər ki, onun qarşısında ya ərəb əlifbası, ya da latın əlifbası kimi bir-birindən kəskin şəkildə fərqlənən məsələlər dayanır. Görkəmli maarifpərvər ziyalı Mirzə Fətəli Axundzadə XIX əsrin ortalarından etibarən hər iki istiqamətdə araşdırmalar apararaq ərəb əlifbasının ümumiyyətlə yenisi, yəni latın əlifbası ilə əvəzlənməsi ideyasına gəlib çıxmışdı. 1922-ci ildən orta məktəblərdə latın əlifbası ilə tədrisə başlanıldı.
Qurultayda əlifba məsələsi ilə yanaşı, savadsızlığın aradan qaldırılması, elmi səviyyənin yüksəldilməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, orfoqrafiya qaydalarının təkmilləşdirilməsi, türk xalqlarının tarixi, etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı, terminologiya, tədris kimi bir sıra başqa problemlər də müzakirə predmetinə çevrildi, ancaq burada əsas məsələ əlifba idi”.

