Təhsil, məşğulluq, nəqliyyat, sağlamlıq, əmlak, sosial təminat və digər sahələr üzrə 380-dən çox xidmət tam rəqəmsallaşdırılıb və yaxın müddətdə 80 yeni xidmətin istifadəyə verilməsi nəzərdə tutulur.
“Tehsil365" xəbər verir ki, bu göstərici “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb. Həmçinin qeyd olunub ki, vətəndaşlar tərəfindən xidmət mərkəzlərinə müraciətlərin ümumi həcminin 10 faizi hazırda “Mygov” platformasından, yəni heç bir yerə getmədən mobil telefonlardan həyata keçirilir. “Mygov Biznes” platforması isə biznes subyektləri tərəfindən bütün xidmətlərin “bir pəncərə” prinsipi əsasında əldə olunmasına, o cümlədən satınalma, lisenziya, vergi və digər sahələr üzrə dövlət xidmətlərindən tam rəqəmsal formada istifadəyə şərait yaradacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 27-də “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

