Tələbə müəllimin qanunsuz hərəkətlərindən zərər çəkdiyi halda məhkəməyə müraciət edə bilər. Bu barədə vəkil Esmira Rzayeva açıqlama verib.
Bu fikirləri "Tehsil365"ə açıqlamasında vəkil Esmira Rzayeva deyib.
Vəkilin sözlərinə görə, hər bir tələbə Azərbaycan qanunvericiliyinə əsasən hüquqlarının məhkəmə müdafiəsi hüququna malikdir və müəllimin hərəkətləri nəticəsində hüquqları pozularsa, iddia qaldıra bilər.
“Əgər müəllim qiymətləndirmədə qərəzli davranırsa, tələbəni təhqir edir, psixoloji təzyiq göstərir, ayrı-seçkiliyə yol verirsə və ya korrupsiya halları baş verirsə, bu zaman tələbə qanuni qaydada şikayət verə bilər”, – deyə vəkil bildirib.
E.Rzayevanın sözlərinə görə, ilkin mərhələdə ali təhsil müəssisəsinin rəhbərliyinə – dekanlığa və ya rektorluğa müraciət etmək məqsədəuyğundur. Daxili araşdırma nəticə vermədiyi halda isə məhkəməyə müraciət etmək mümkündür.
Vəkil qeyd edib ki, müəllimin əməlindən asılı olaraq ona qarşı intizam, inzibati, mülki və hətta cinayət məsuliyyəti tədbirləri tətbiq oluna bilər. Əgər tələbəyə maddi və ya mənəvi zərər dəyibsə, zərərin ödənilməsi ilə bağlı da məhkəmədə tələb irəli sürmək mümkündür.
“Belə hallarda sübut bazası xüsusi əhəmiyyət daşıyır. Yazışmalar, şahid ifadələri, audio və video materiallar məhkəmədə əsas rol oynaya bilər”, – deyə Esmira Rzayeva vurğulayıb.
Beləliklə, hüquqlarının pozulduğunu hesab edən tələbə qanunla müəyyən edilmiş qaydada müəllimi məhkəməyə verə bilər.

