Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş bu mühüm tədbir həm dərin kədər, həm də sevinc hissi ilə müşayiət olunur. Kədər onunla bağlıdır ki, Qurultayın iştirakçılarının böyük əksəriyyəti təxminən 10 il sonra, 1937-ci il repressiyalarının qurbanı olublar. Sevinc isə bu gün həmin ideyaların yaşaması və Türk dünyasının nümayəndələrinin yenidən bir araya gələrək elmi və mədəni dialoq aparması ilə bağlıdır.
“Tehsil365” xəbər verir ki, bu fikirləri Xalq şairi Sabir Rüstəmxanlı “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda deyib. O, Birinci Türkoloji Qurultayın gündəliyinə daxil edilmiş yüksək elmi əhəmiyyət daşıyan məsələlərin bu gün də aktuallığını qoruyub saxladığını qeyd edib: “Həmin məsələlərin bir qismi hələ tam şəkildə araşdırılmadığından, bu sahədə sistemli tədqiqatların aparılmasına, əməkdaşlığın daha da inkişaf etdirilməsinə ehtiyac var. Müəyyən dövrlərdə türk xalqları ilə bağlı izlərin silinməsi, mühüm faktların təhrif olunması məqsədilə çoxsaylı kitablar yandırılıb, etnonim və toponimlər dəyişdirilərək başqa adlarla əvəz olunub. Türkologiyanın qarşısında duran əsas vəzifələrdən biri də Türk dünyası ilə bağlı kompleks şəkildə araşdırmaların aparılmasıdır. Ortaq elmi-mədəni platformanın formalaşdırılması, eləcə də simvolik məna daşıyan ortaq kitabların hazırlanması ideyası mühüm istiqamətlərdəndir.
Türk dünyasının coğrafi və mədəni sərhədləri son dərəcə genişdir və dünya sivilizasiyasının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir. Türk dünyasının tarixinin sistemli şəkildə tədqiq edilməsi müvafiq elmi müəssisə və təşkilatların qarşısında duran mühüm vəzifələrdəndir. Müvafiq istiqamətdə bütün səyləri birləşdirməli, ortaq tədqiqatlar aparmalı, türk dünyasının elmi-mədəni irsinin qoruyub inkişaf etdirməsi istiqamətində birgə fəaliyyəti gücləndirməliyik”.

