Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) Avstriya, Türkiyə, Macarıstan, Böyük Britaniya, Fransa və Çexiyada Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə anım tədbirləri təşkil edib.
“Tehsil365“ xəbər verir ki,Fransanın paytaxtında keçirilən tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Xocalı soyqırımının beynəlxalq və humanitar hüququn müddəalarının kobud şəkildə pozulması olduğunu vurğulayıb. Diplomat dünya mediasında dərc olunan məqalələrdən sitatlar gətirərək erməni vəhşiliyini xatırladıb və “Xocalıya ədalət!” kampaniyasının beynəlxalq miqyasda tanınmasındakı rolunu qeyd edib. O, Xocalının harayının bütün dünyada eşidilməsinin vacibliyini xüsusi vurğulayıb.
Burada “Xocalı: Əsir uşaqlıq” filmi nümayiş olunub. Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Xocalı faciəsinin tarixi və milli yaddaşımızdakı rolundan danışıb. ASAP Avstriya nümayəndəsi Ənvər Əliyev tələbələr arasında həmrəyliyin artırılmasının vacibliyini vurğulayıb. Film Xocalı faciəsinin insan talelərində buraxdığı dərin izləri və uşaqlıq üzərində yaratdığı travmaları əks etdirib.
“Ümid işığı” filmi ilə müşayiət olunan tədbirdə ASAP Çexiya nümayəndəsi Həsən Quliyev Xocalı soyqırımının xalqımızın tarixindəki faciəvi səhifələrdən biri olduğunu bildirib. Çıxışlarda həmçinin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə aparılan anti-terror əməliyyatları nəticəsində Xocalı da daxil olmaqla işğaldan azad edilmiş ərazilərə qayıdışın sürətlə davam etdiyi vurğulanıb.
Bahçeşehir Universitetində keçirilən anım tədbirində soyqırımın dəhşətləri, itkin düşənlərin taleyi, Heydər Əliyevin Xocalının beynəlxalq aləmdə tanıdılması istiqamətindəki fəaliyyəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad olunması barədə müzakirələr aparılıb. Tədbirdə həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri və iki ölkə arasındakı qardaşlıq münasibətləri vurğulanıb.
“Echoes of Humanity: Remembering Khojaly” adlı tədbirdə səfir Tahir Tağızadə çıxış edərək Xocalı soyqırımının tarixi və erməni terrorunun qanlı səhifələrindən bəhs edib. O, Azərbaycanın ərazi bütövlüyünün bərpasını və Xocalı cinayətkarlarının ədalət qarşısında cavab verməsini tarixi ədalətin təntənəsi kimi qiymətləndirib. Tədbirdə faciənin milli yaddaşın qorunmasındakı rolu müzakirə olunub.
ASAP-ın təşkil etdiyi tədbirlər Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması, gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi və faciə qurbanlarının xatirəsinin yad edilməsinə xidmət edib.

