Naxçıvan Dövlət Universitetində İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı tədbir təşkil olunub.
"Tehsil365” Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki, Universitetdən verilən məlumata görə, tədbirdə çıxış edən İnklüziv Təhsil Mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov mərkəzin fəaliyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda mərkəzdə sağlamlıq imkanları məhdud 4 tələbə təhsil alır. Bu tələbələr üçün lazımi imkanlar yaradılır, həmçinin tədris prosesində ehtiyac duyulan ləvazimatlar mərkəz tərəfindən təmin edilir.
Magistratura və Doktorantura Mərkəzinin dekanı, psixologiya üzrə fəlsəfə doktoru, dosent Çapay Quliyev müntəzəm psixoloji konsultasiyaların, maarifləndirici seminarlar və müəllim–tələbə–valideyn əməkdaşlığının gücləndirilməsinin inklüzivliyin təmin olunmasında əsas mexanizmlərdən biri olduğunu vurğulayıb.
Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin psixoloqu Nuranə Səlimova sağlamlıq imkanları məhdud tələbələrin psixoloji və sosial adaptasiyası zamanı yarana biləcək çətinliklərdən, maneələrdən, o cümlədən psixo-sosial dəstək zamanı psixoloqların rolundan danışıb.
İnklüziv Təhsil Mərkəzinin mütəxəssisi Lətifə Quliyeva mərkəzin gələcək plan və öhdəlikləri haqqında qısa məlumat verərək rəhbəri olduğu “Gələcəyə inam” qrupunun hazırladığı konsert proqramını təqdim edib. Konsert proqramında inklüziv tələbələrin ifasında “Qarabağ şikəstəsi”, “Sarı gəlin”, “Aşiqəm” və digər musiqi nömrələri səsləndirilib.
Universitetin psixoloqları Minə Əkbərli və Həcər Ələsgərovanın rəhbərliyi ilə “Psixologiya” ixtisası üzrə təhsil alan tələbələr tərəfindən psixoloji səhnəcik nümayiş olunub. Maarifləndirmə xarakteri daşıyan səhnəcik tədbir iştirakçılarına xoş təəssürat bağışlayıb.
Tədbirin sonunda ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək təşkilatçılara təşəkkürünü bildirib, inklüzivliyin ali təhsildə əhəmiyyətini vurğulayıb. Rektor mərkəzin uğurlu fəaliyyətini yüksək qiymətləndirərək kampusun inklüziv mühitə uyğunlaşdırılması istiqamətində işlərin davam etdirildiyini qeyd edib. Elbrus İsayev həmçinin tələbələrin hazırladığı səhnəciyin uğurlu təşkil olunduğunu söyləyərək onlara gələcəkdə inklüziv tədrislə bağlı təlimlərdə fəal iştirak etməyi və xarici ölkələrin təcrübəsindən yararlanaraq öz sahələrində tətbiq etməyi tövsiyə edib.

