Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım mərasimi təşkil edib. Tədbirdə diplomatlar, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, mərasim Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Mütəllim Mirzəyev çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliam haqqında ətraflı məlumat verib, Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu vurğulayıb. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qətnamələrə, eləcə də Səudiyyə Ərəbistanının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi prinsipial dəstəyə toxunulub.
Daha sonra işğaldan azad olunmuş Xocalıda aparılan bərpa və quruculuq işləri, eləcə də Prezident İlham Əliyev tərəfindən açılışı həyata keçirilən Xocalı Soyqırımı Memorialı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Qeyd olunub ki, Memorial yalnız keçmişin ağrısını yaşadan məkan deyil, həm də ədalətin və zəfərin simvoludur, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasına və milli yaddaşın qorunmasına xidmət edir.
Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib, icma nümayəndələri çıxış edərək ürək sözlərini bölüşüb və fotoqalereya ilə tanışlıq təşkil olunub.
Anım mərasimi Ramazan ayına təsadüf etdiyindən tədbirin sonunda iştirakçılar iftar süfrəsinə dəvət olunublar.
Səudiyyə Ərəbistanının bir çox mətbu orqanında, o cümlədən “Al-Vatan News” və “Al-Mubasher News” qəzetlərində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş məqalələr dərc edilib.

