Onun sözlərinə görə, uzun illər ərzində arxeoloqlar əsasən ənənəvi üsul və alətlərlə — bel, lapatka, külüng, bıçaq və saçaqlı şotkalarla — tədqiqat apararaq mühüm kəşflərə imza atıblar
Qafar Cəbiyev, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professoru “Təhsil365”ə açıqlamasında ölkədə arxeologiyanın mövcud vəziyyəti və qarşılaşdığı problemlər barədə danışıb.
Azıx mağarasının timsalında 2 milyon illik tariximizin sübut olunması, Qəbələ, Gəncə, Mingəçevir, Şamaxı, Bərdə, Beyləqan, Bakı, Şəmkir, Şabran, Naxçıvan və Ağsu kimi şəhərlərin qədim qatlarının üzə çıxarılması bunun bariz nümunəsidir.
Lakin alim vurğulayıb ki, müasir dövrdə arxeologiya sahəsində yeni texnologiyalar — lidar, georadar, dron çəkilişləri və peyk görüntüləri — dünya miqyasında geniş tətbiq olunur. Bu qurğular qazıntısız şəkildə abidələr barədə mühüm məlumatlar əldə etməyə imkan yaradır. Qafar Cəbiyev misal olaraq İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində VIII–IX əsrlərə aid Basqal qalasının peyk görüntüləri sayəsində aşkara çıxarıldığını xatırladıb.
Onun sözlərinə görə, radiokarbon analizləri və digər fiziki-kimyəvi analizlər arxeoloji tapıntıların dəqiq yaşını müəyyənləşdirməyə imkan verir. Təəssüf ki, Azərbaycanda bu cür laboratoriyalar mövcud deyil və arxeoloqlar tapıntıları şəxsi vəsait hesabına xaricə göndərməyə məcbur olurlar. “AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun cəmi bir ədəd dronu var. Halbuki eyni vaxtda 14-15 ekspedisiya fəaliyyət göstərir. Bu şəraitdə keyfiyyətli tədqiqat aparmaq mümkünsüzdür,” — deyə Cəbiyev bildirib.
Alim həmçinin kadr hazırlığı məsələsinə toxunaraq qeyd edib ki, ölkənin ali təhsil müəssisələrində arxeologiya fakültəsi yoxdur. Tarix fakültələrində yalnız bir semestr ümumi arxeologiya fənni tədris olunur ki, bu da peşəkar arxeoloq yetişdirmək üçün kifayət etmir. “Yeni nəsil texniki avadanlıqları işlədə biləcək mütəxəssislərin olmaması arxeologiyanın gələcəyi üçün ciddi təhlükədir,” — deyə o əlavə edib.
Qafar Cəbiyev arxeologiyanın inkişafı üçün bir sıra təkliflər irəli sürüb:
Müasir texnologiyaların ölkəyə gətirilməsi və tətbiqi
Radiokarbon və digər analizlər üçün xüsusi laboratoriyaların yaradılması
Arxeologiya üzrə ayrıca fakültələrin açılması və mütəxəssis hazırlığının gücləndirilməsi
Ekspedisiya və tədqiqatların texniki təminatının artırılması
Onun fikrincə, bu addımlar atılmasa, Azərbaycan arxeologiyası dünya elmi ilə ayaqlaşmaqda çətinlik çəkəcək.

