Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 Mart - Azərbaycanda Elm Gününə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Elmi ədəbiyyatın redaktəsi” mövzusunda debat keçirilib.
Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib. Debatın moderatoru, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan bildirib ki, elmi ədəbiyyatın redaktəsi mətnin elmi standartlara cavab verməsi, məntiqi ardıcıllığın təmin edilməsi və dil qüsurlarının aradan qaldırılması prosesidir. Bu proses həm məzmunun dürüstlüyünü, həm də texniki tərtibatın beynəlxalq tələblərə uyğunluğunu təmin edir.
Debatda bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrdən ibarət iki komanda formalaşdırılıb. Komandalardan biri onlara təqdim olunmuş müxtəlif elm sahələrinə dair mətnlər haqqında fikir söyləyərək terminlər, faktlar, statistik göstəricilər, dil standartları ilə bağlı öz arqumentlərini əsaslandırıblar. Digər komandanın üzvləri isə onların mülahizələrini geniş şəkildə müzakirə ediblər.
Sonda dosent Knyaz Aslan tələbələrin suallarını cavablandırıb, cavablarını qiymətləndirib, bu kimi debatların tələbələrin tənqidi təfəkkürünün və elmi yazılarla işləmək bacarıqlarının inkişaf etdirilməsində xüsusi rol oynadığını qeyd edib.

