Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, tədbirin əsas məqsədi institut əməkdaşlarının fövqəladə hallar zamanı davranış qaydaları, ekoloji risklərin idarə olunması və dayanıqlı gələcək üçün mülki müdafiə strategiyaları haqqında məlumatlandırılması olub.
İnstitutun ümumi işlər üzrə direktor müavini Abuzər Gülməmmədov Ümumdünya Mülki Müdafiə Gününün beynəlxalq əhəmiyyəti və cəmiyyət həyatında rolu barədə danışıb. O, mülki müdafiə tədbirlərinin əməkdaşlar üçün həyati əhəmiyyət daşıdığını qeyd edərək, təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasının zəruriliyini vurğulayıb.
Daha sonra Folklor İnstitutunun Mülki Müdafiə Qərargah rəisi Elşad Quliyev “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda çıxış edərək, ekoloji və texnogen risklərin idarə olunmasının vacibliyini, fövqəladə hallara hazırlıq strategiyalarını və institut əməkdaşlarının bu hallarda görməli olduqları əməliyyat addımlarını ətraflı izah edib. O, həmçinin fövqəladə vəziyyətlər zamanı insan həyatını qorumaq, resurslardan səmərəli istifadə etmək və riskləri minimuma endirmək üçün praktik tövsiyələr verib.
Tədbir çərçivəsində dəm qazı zamanı davranış qaydalarını izah edən videoçarx nümayiş etdirilib, əməkdaşlar fövqəladə hallar zamanı düzgün hərəkət və özünü qoruma prinsipləri ilə əyani şəkildə tanış olublar. Bu yanaşma iştirakçıların bilik və bacarıqlarının artırılması, həmçinin mülki müdafiə qaydalarının gündəlik həyatla inteqrasiyasının təmin edilməsi baxımından əhəmiyyətlidir.
Direktor müavini Abuzər Gülməmmədov tədbirin əhəmiyyətini vurğulayaraq əməkdaşlara gələcəkdə belə tədbirlərdə fəal iştirak etməyi tövsiyə edib. O, həmçinin Mülki Müdafiə Qərargahının fəaliyyətini yüksək qiymətləndirərək, institutun təhlükəsizlik və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini diqqətə çatdırıb.

