Fevralın 26-da Vyana şəhərində Avstriyadakı Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Xocalı: Əsir Uşaqlıq" sənədli filminin nümayişi baş tutub.
“Tehsil365" xəbər verir ki, tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli gənclərə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının tarixi və milli oyanışın sürətlənməsindəki rolu barədə məlumat verib. Eyni zamanda, ASAP-ın Avstriya nümayəndəliyinin sədri Ənvər Əliyev tələbələr arasında həmrəyliyin artırılması və tarixi yaddaşın qorunmasının vacibliyindən bəhs edərək, bu istiqamətdə həyata keçirilən təşəbbüslər haqqında danışıb.
Həmçinin “Justice for Khojaly” (“Xocalıya ədalət”) beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış bu təşəbbüs Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və faciəyə hüquqi-siyasi qiymətin verilməsində mühüm rol oynayır.
Eyni zamanda qeyd olunub ki, İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün əraziləri işğaldan azad edilib. Hazırda dövlət tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Vurğulanıb ki, bu proses regionda həyatın bərpası və sosial-iqtisadi inkişafın təmin olunması baxımından mühüm mərhələdir və Qarabağın yenidən dirçəlişini simvolizə edir.
Tədbirin sonunda Xocalı faciəsinin insan talelərində buraxdığı dərin izlər, əsirlik həyatı yaşamış Məmmədovlar ailəsinin hekayəsi va müharibənin uşaqlar üzərində yaratdığı ağır psixoloji sarsıntılardan bəhs edən "Xocalı: Əsir Uşaqlıq" sənədli filmi Avstriyada təhsil alan azərbaycanlı gənclərə nümayiş olunub.

