Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən DOST mərkəzlərinin və “142” Çağrı mərkəzinin əməkdaşları üçün Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə dair onlayn təlim keçirilib.
Bu barədə “Tehsil365"ə Dövlət Əmək Müfəttişliyi Xidməti tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, təlim çərçivəsində iştirakçılara Əmək Məcəlləsinə daxil edilmiş yeni anlayışlar, dəyişdirilmiş və yeni qəbul olunmuş normalar barədə ətraflı məlumat təqdim edilib. Qeyd olunub ki, həyata keçirilən islahatlar əmək münasibətlərinin daha çevik və şəffaf tənzimlənməsinə, işçi və işəgötürən hüquqlarının daha dəqiq müəyyənləşdirilməsinə, eləcə də müasir əmək bazarının tələblərinə uyğun hüquqi mexanizmlərin formalaşdırılmasına xidmət edir.
Eyni zamanda, distant (məsafədən) işin hüquqi əsaslarının dəqiqləşdirilməsi, ailə vəzifələri olan işçilərlə bağlı yeni yanaşmalar, məzuniyyətlərin hesablanması qaydalarında edilən dəyişikliklər və digər yeniliklərdən bəhs olunub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

