Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 Mart - Azərbaycanda Elm Gününə həsr olunmuş “Süni intellekt və rəqəmsal texnologiyaların kimyada tətbiqi” mövzusunda elmi seminar keçirilib.
Bu barədə "Tehsil365"ə BDU-dan məlumat verilib.
Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov kimyəvi proseslərin optimallaşdırılması, məlumatların analizi və innovativ həllərin hazırlanmasında süni intellektin imkanların böyük rol oynadığını deyib.
Seminarda SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Downstream Management” şirkətinin nümayəndəsi Aynur Zeynalova müasir dövrdə süni intellekt alətlərinin kimya sahəsində rolu, rəqəmsal texnologiyaların elmi-tədqiqat prosesinə inteqrasiyası və sənaye tətbiqləri barədə ətraflı məlumat verib. Aynur Zeynalova çıxışında süni intellektin kimya sahəsində əsas inqilabi təsirinin məlumatların sürətli emalı, proseslərin modelləşdirilməsi və optimallaşdırılması ilə bağlı olduğunu qeyd edib. Süni intellekt əsaslı modellər ənənəvi üsullarla müqayisədə vaxt və resurslara qənaət edir, lakin etibarlı nəticələr üçün keyfiyyətli məlumat və mütəxəssis nəzarəti vacibdir. O, süni intellektin yeni molekulların dizaynı, “ağıllı laboratoriyalar”, hesablama kimyası, sənayedə proses optimallaşdırılması, yaşıl və dayanıqlı istehsal, eləcə də neft-kimya və əczaçılıq sahələrində tətbiqindən bəhs edib. Bildirib ki, süni intellekt kimyaçıları əvəz etmir, onların fəaliyyətini tamamlayır. Gələcəkdə laboratoriyalar daha avtomatlaşdırılmış və rəqəmsallaşmış olacaq, bu baxımdan gənc tədqiqatçılar rəqəmsal bacarıqlarını inkişaf etdirməlidirlər.

