Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə bölgələrdə keçirilən maarifləndirici görüşlər çərçivəsində uşaqlar və yeniyetmələr arasında zorakılıq hallarının qarşısının alınması mövzusunda tədbir təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Tehsil365”ə verilən məlumata görə, Mingəçevir şəhər Noel Ahəngari adına 13 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə müəllimlər və şagirdlər iştirak ediblər.
Görüş zamanı Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, məişət zorakılığının növləri, onun psixoloji və sosial fəsadları, zorakılıq halları ilə qarşılaşdıqda müraciət edilə biləcək qurumlar və mövcud dəstək mexanizmləri barədə təqdimatlar edilib.
Şagirdlərə öz hüquqlarının qorunması, təhlükəsiz davranış qaydaları və sağlam ünsiyyət bacarıqları ilə bağlı tövsiyələr verilib, onların sualları cavablandırılıb.
Görüşdə mövzu ilə bağlı videoçarx təqdim edilib.

