Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Milli Aviasiya Akademiyasının tərəfdaşlığı ilə ölkəmizdə hüquqşünaslıq ixtisası üzrə təhsil verən ali təhsil müəssisələrinin tələbələri arasında “Simurq” hüquq olimpiadası layihəsi çərçivəsində bilik yarışı həyata keçirilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, tələbələr analitik düşüncə və komanda strategiyası üzərində qurulmuş yarışda 5 nəfərdən ibarət komandalarla iştirak ediblər.
Ümumilikdə 6 komanda arasında keçirilmiş bilik yarışı nəticəsində “Aviation” komandası birinci, “DGKA” komandası ikinci, “Fenix” komandası üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, “Simurq” hüquq olimpiadası layihəsi ötən il Gənclər Fondunun təşkil etdiyi Qrant müsabiqənin qalibi seçilib. Layihənin rəhbəri Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının doktorantı Günay Qüdrətli olub.
Texniki təminat da daxil olmaqla, layihənin hər bir mərhələsində gənclərin fəal iştirakına xüsusi diqqət yetirilib. Layihənin qonağı Milli Aviasiya Akademiyasının istedadlı hüquqşünas-məzunu Cavidan Fatihi sevilən musiqilər ifa edib. Milli Aviasiya Akademiyasının istedadlı tələbəsi Jalə Hüseynovanın skripkada ifası isə layihəyə xüsusi rəng qatıb.
Layihənin adının “Simurq” olaraq seçilməsinin səbəbi simurqun zəhmət və iradə ilə özünü yenidən kəşf etməyin, müdrikliyin, bilik axtarışının və mənəvi yüksəlişin simvolu olmasıdır. Bu yarışda əsas məqsəd yalnız düzgün cavablar tapmaq deyil, yeni biliklər, möhkəm dostluqlar qazanmaq, tələbələrin potensialını üzə çıxarmaq və komandada işləmək bacarıqlarını inkişaf etdirmək idi.

