Fevralın 27-də Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə - ABŞ” sənədli filminin təqdimatı olub.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, ekran əsərinin nümayişindən əvvəl çıxış edən layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib film barədə məlumat verib.
Onun sözlərinə görə, bu film tamaşaçılara Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfərlərinin qeyri-rəsmi tərəflərini göstərir. O qeyd edib ki, filmdə, eyni zamanda, Ulu Öndərin Azərbaycan ilə ABŞ arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində tarixi faktlar təqdim olunub.
Bu, Heydər Əliyevin səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmlər toplusundan artıq 8-ci filmdir. Buna qədər yaradıcı heyət Ulu Öndərin İtaliya, Çin, Yaponiya, Türk dünyası, Böyük Britaniya, Fransa, Belçika və Lüksemburq səfərləri haqqında ekran əsərləri hazırlayıb. Bu filmlər toplusu Heydər Əliyevin beynəlxalq səviyyədə göstərdiyi fəaliyyəti, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini gücləndirmək üçün gördüyü işləri və ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün atdığı addımları əks etdirir.
Eyni zamanda, həmin filmlərdə kadr arxasında qalan məqamlar və Heydər Əliyevin qeyri-formal görüşləri də yer alıb.
İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev, montaj rejissoru Elmar Tariyeloğlu daxildir.
Film “Azərbaycan Hava Yolları”, “bp Azerbaijan” və “Anglo Asian Mining” şirkətlərinin dəstəyi ilə ərsəyə gəlib.

