Telefon və digər rəqəmsal cihazlardan uzun müddətli istifadə diqqət, yaddaş və yuxu problemlərini artırır.
Nevroloq Gülnarə Rüstəmzadə “Tehsil365”ə açıqlamasında bildirib ki, uzun müddət telefona baxmaq sinir sisteminə əlavə yük yaradır və bunun bir neçə konkret təsiri var:
Uzun müddətli görüntü və informasiya axını dopamin ifrazını dəyişdirərək diqqət dağınıqlığı və asılılıq hissi yarada bilər.
Telefon ekranından yayılan mavi işıq melatonin səviyyəsini pozaraq yuxu rejimini zəiflədə və yuxu keyfiyyətini pisləşdirə bilər.
Təkrarlanan baş ağrıları, diqqət problemləri və yuxu pozuntuları ilə yanaşı, kəskin hallarda əl və ayaq keyiməsi, zəiflik, qəfil nitq pozulması və qıcolma kimi əlamətlər dərhal nevroloq nəzarətini tələb edir.
Mütəxəssis həmçinin bildirmişdir ki, beyin fəaliyyəti üçün düzgün qidalanma vacibdir — qlükoza əsas enerji mənbəyi, zülal və Omeqa-3 isə sinir funksiyasını dəstəkləyir.
Profilaktik olaraq tövsiyə olunur: normal yuxu rejimini qorumaq, texnologiya istifadəsinə məhdudiyyət qoymaq (məsələn, fasilələr, ekran vaxtı məhdudiyyəti), stressi azaltmaq və lazım olduqda həkimə müraciət etmək.

