Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, kinodramaturq, ssenarist və tərcüməçi Ənvər Məmmədxanlı milli mədəniyyət tarixində silinməz iz qoyub.
“Tehsil365” xəbər verir ki, O, 15 (28) fevral 1913-cü ildə Göyçay şəhərində anadan olub, 19 dekabr 1990-cı ildə Bakı şəhərində vəfat edib.
Ədəbi yaradıcılığa erkən yaşlarından başlayan Ənvər Məmmədxanlı 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Onun nəsr əsərləri, dram və kino ssenariləri Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu və dərin psixoloji təsvirləri ilə seçilib.
Yazıçı uzun illər Azərbaycanfilm kinostudiyasında fəaliyyət göstərib. 1946–1964-cü illərdə studiyanın ssenari redaksiya heyətinin baş redaktoru vəzifəsində çalışaraq Azərbaycan kinosunun inkişafına mühüm töhfələr verib.
Ənvər Məmmədxanlının sənət fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1963-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına, 1987-ci ildə isə xalq yazıçısı adına layiq görülüb.
Zəngin ədəbi və kino irsi ilə yadda qalan Ənvər Məmmədxanlı Azərbaycan mədəniyyətinin formalaşması və inkişafında mühüm rol oynamış görkəmli sənətkar kimi xatırlanır.

