Polşadakı Varşava Azərbaycan Evində Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri təşkil olunub. Varşava Azərbaycan Evi və Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icması ilə yanaşı yerli ictimaiyyət nümayəndələri də iştirak edib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə Xocalı soyqırımı haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında unudulmaz yer tutur.
Daha sonra Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi nümayiş olunub. Müharibənin insan talelərində buraxdığı dərin izləri, doğma torpaqlardan didərgin düşməyin ağrısını və ana obrazının timsalında xalqın mənəvi dözümünü təsirli şəkildə əks etdirən ekran əsəri izləyicilərdə kövrək duyğular oyadıb.
Tədbirdə Xocalı dəhşətlərini əks etdirən fotosərgi də nümayiş olunub. Dağıdılmış evlər, itirilmiş ailələr, əzab çəkmiş uşaqlar və yaşlı insanlar, eləcə də şəhərin viran qalmış küçələri iştirakçıların diqqətini çəkib.

