Braziliyanın aparıcı nəşrlərindən olan “Correio Braziliense” qəzetində bu il Bakıda keçiriləcək BMT Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) dair məqalə dərc olunub.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Braziliyadakı səfirliyinin müşaviri Rafiq Rüstəmovun müəllifi olduğu “Ənənə və Müasirlik: Bakının dünyaya təqdim etmək istədiyi şəhərsalma irsi” sərlövhəli məqalə Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı 22 dekabr 2025-ci il tarixli Sərəncamından bəhs edilir, WUF13 kimi mötəbər beynəlxalq tədbirlə bağlı Azərbaycanda həyata keçirilən irimiqyaslı hazırlıq işləri diqqətə çatdırılır.
Məqalədə qeyd olunur ki, COP29 kimi nəhəng beynəlxalq tədbirə uğurla ev sahibliyi etdikdən sonra Azərbaycan növbəti dəfə qlobal əhəmiyyətli məsələlərin müzakirə ediləcəyi mərkəz funksiyasını öz öhdəsinə götürür. Vurğulanıb ki, bu tədbir BMT sistemində öz miqyasına görə üçüncü ən böyük tədbir sayılır.
Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinin təsadüfi olmadığı qeyd olunub. Müasir şəhərsalma təcrübəsində Azərbaycan xalqının nümunəvi inkişaf yolu keçdiyi, bu səpkidə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən “yaşıl enerji” və müasir infrasturktur layihələrinin beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənildiyi nəzərə çatdırılıb.
Bildirilir ki, WUF13 forumunda beynəlxalq iştirakçılığın genişləndirilməsi üçün Azərbaycan hökuməti ardıcıl tədbirlər görür, uğurlu təşviqat işini davam etdirir, o cümlədən qlobal müstəvidə cəmiyyətlərin müxtəlif seqmentlərinə xitab edən maarifləndirici onlayn informasiya sessiyaları təşkil edir.
Məqalədə, həmçinin Azərbaycanın qədim və müasir memarlıq incilərindən bəhs olunur, bu səpkidə İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, “Ağ Şəhər” kimi Azərbaycan irsinin zəngin nümunələri sadalanır.

