Beynəlxalq nizam təhlükəli olub. Münaqişələr artır, iqlim böhranından tutmuş texnoloji inkişafa qədər insan hüquqlarına qarşı təhdidlər genişlənir. Dünya təhlükəli istiqamətdə irəliləyir.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk İnsan Hüquqları Şurasının 61-ci sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hakimiyyət, resurslar və texnologiyalar uğrunda mübarizə məqsədə çevrilməməlidir.
“Dünyanın hər yerində insanlardan, hökumətlərindən nə istədiklərini soruşsanız, cavablar eyni olacaq: sülh, təhlükəsizlik, layiqli həyat səviyyəsi. Bir sözlə, insanlar öz hüquqlarını tələb edirlər”, - deyə BMT-nin baş hüquq müdafiəçisi bildirib.
Türk narahatedici bir tendensiyanı qeyd edib. Onun sözlərinə görə, 2010-cu ildən bəri silahlı münaqişələrin sayı demək olar ki, iki dəfə artaraq təxminən 60-a çatıb, mülki əhaliyə hücumların miqyası isə təxminən üçdə bir artıb. O, güc tətbiqinin normaya çevrildiyini, siyasi liderlərin isə bunun qarşısını almaq üçün lazımi addımları atmadığını vurğuladı. Eyni zamanda, BMT, Beynəlxalq Ədalət Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi və İnsan Hüquqları Şurasının mexanizmləri də daxil olmaqla beynəlxalq qurumların hücuma məruz qaldığı vurğulanıb.
O, artan antisemitizm, islamofobiya, irqçilik və miqrantlara qarşı nifrət barədə xəbərdarlıq edib. Qadın və qızların hüquqlarının sistematik şəkildə pozulması xüsusilə narahatlıq doğurur.
BMT-nin baş hüquq müdafiəçisinin sözlərinə görə, iqtisadi sistemlər bərabərsizliyi daha da artırır: “Keçən il milyarderlər ifrat yoxsulluğu 26 dəfə aradan qaldırmaq üçün kifayət qədər sərvət topladılar”.

