Bu gün minlərlə gəncimiz “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” əsasında xaricdə oxuyur. Güclü kadrlarımızın olması Qarabağ Zəfərinə aparan əsas amillərdən biridir.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə ADA Universitetində Dövlət Proqramı məzunları üçün keçirilən “Qlobal təhsildən milli inkişafa” karyera sərgisində deyib.
O bildirib ki, sözügedən karyera sərgisi yeni əlaqələrin qurulması və imkanların genişləndirilməsi baxımından faydalı olacaq: “Biz də ADA Universiteti olaraq yeni kadrların cəlb olunmasında maraqlıyıq. ADA-nın nəzdində İtaliya–Azərbaycan Universiteti fəaliyyət göstərir. Pedaqoji fəaliyyətlə yanaşı, universitetdə texnologiya istiqaməti də sürətlə inkişaf edir. Texnologiya, süni intellekt və data analitikası sahələrinə marağı olan məzunları əməkdaşlığa dəvət edirik”.

