XVII Multikulturalizm Qış Məktəbi çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndələri Ləman Əliyeva və Orduxan Qəhrəmanzadə tərəfindən iştirakçılar üçün “Bakı Prosesi və Azərbaycanın multikultural irsinin qorunması” mövzusunda təqdimat təşkil olunub.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat zamanı Bakı Prosesinin 2008-ci ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş beynəlxalq platforma kimi formalaşması, sivilizasiyalararası və dinlərarası dialoqun təşviqində oynadığı rol, eləcə də bu çərçivədə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Bakı Prosesi qlobal miqyasda multikulturalizm ideyasının təşviqi və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq modelinin formalaşdırılması baxımından mühüm təşəbbüsdür.
Eyni zamanda, Azərbaycanın multikultural irsinin qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti, tarixi-dini abidələrin bərpası və konservasiyası sahəsində görülən işlər barədə məlumat təqdim edilib. Bildirilib ki, ölkəmizdə məscidlər, kilsələr, sinaqoqlar, digər dini-mədəni irs nümunələri və tarixi abidələr dövlət tərəfindən bərpa olunur və onların qorunması multikultural dəyərlərin praktik ifadəsi kimi çıxış edir. Təqdimat çərçivəsində müasir şəhərsalma ənənələri və tarixi-mədəni irsin qorunması arasında balansın təmin edilməsi məsələsinə də toxunulub. Vurğulanıb ki, Azərbaycanda şəhərsalma siyasəti yeni multikultural urbanistik yanaşmalarla yanaşı, tarixi məkanların autentikliyinin saxlanılması, mədəni landşaftın qorunması və ictimai məkanların inklüziv inkişafı prinsiplərinə əsaslanır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrində müasir memarlıq həlləri ilə milli-mədəni irsin və ənənəvi planlaşdırma elementlərinin uzlaşdırılması diqqət mərkəzində saxlanılır.
İştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycanın bu sahədə beynəlxalq təcrübəsi xüsusi maraqla qarşılanıb. Təqdimat multikulturalizm ideyasının nəzəri və praktiki aspektlərinin daha dərindən mənimsənilməsinə töhfə verib.

