Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans sadəcə növbəti elmi tədbir deyil, həm də tarixi yaddaşa və ortaq türk kimliyinə hörmətin simvoludur.
“Tehsil365" xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm nazirinin müavini Dr. Serdar Çam Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
O, çıxışında Türk dünyasının elmi, mədəni və siyasi birliyinin əhəmiyyətindən bəhs edərək Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbirin rəmzi məna daşıdığını bildirib. Nazir müavini bir əsr əvvəl baş tutmuş Birinci Türkoloji Qurultaydan sonra yenidən eyni məkanda birgə toplantının təşkil olunmasının keçmişlə gələcək arasında mühüm körpü rolunu oynadığını qeyd edib.
Serdar Çam vurğulayıb ki, Birinci Türkoloji Qurultayın iştirakçılarının fəaliyyəti bir əsr sonra türk dövlətlərinin geniş məkanında öz əksini tapır. Bakı Türk dünyasının elmi mərkəzi kimi tarixi missiyasını yenidən yerinə yetirir.
Nazir müavini müasir dövrün çağırışlarına diqqət çəkərək bildirib ki, gələcək nəsillərə daha zəngin və dayanıqlı mədəni irs ötürməyin əsas yolu elmin inkişafından keçir. Onun sözlərinə görə, texnologiya, süni intellekt, robotik sistemlər və rəqəmsallaşma bu sahədə tərəqqinin əsas hərəkətverici qüvvəsinə çevrilib və mədəniyyətin qorunması, tədqiqi və təbliği üçün yeni imkanlar açır.
Serdar Çam türk dövlətləri arasında inteqrasiya prosesinə də xüsusi diqqət yetirərək bu istiqamətdə nümayiş etdirilən siyasi iradəni yüksək qiymətləndirib, ortaq məqsədlərə xidmət edən birgə təşəbbüslərin gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını vurğulayıb.

