Fevralın 28-də Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə ADA Universitetində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” məzunları üçün “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisi keçirilib.
“Tehsil365" xəbər verir ki, sərginin təşkilində məqsəd Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını təmin etmək və onların potensialını ölkəmizin dayanıqlı inkişafına yönəltməkdir.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli dövlətimizin insan kapitalına verdiyi önəmi xüsusi vurğulayıb. O qeyd edib ki, xaricdə təhsilə dair Dövlət Proqramı ölkəmizdə rəqabətədavamlı kadr potensialının formalaşdırılmasına yönəlmiş dövlət siyasətinin uğurlu nümunələrindən biridir. Beynəlxalq təcrübə qazanan gənclər Azərbaycanın gələcək inkişafının əsas hərəkətverici qüvvələri hesab olunur.
ADA Universitetinin prorektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə məzunlara müraciət edərək, onların beynəlxalq mühitdə əldə etdikləri akademik nailiyyətlərin yerli qurumların fəaliyyətinə yeni və mütərəqqi yanaşmalar gətirəcəyinə əminliyini ifadə edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev isə Dövlət Proqramı məzunlarının əmək bazarında rəqabət üstünlüyünə malik olduqlarını bildirib və onlar üçün yaradılan əlverişli məşğulluq perspektivlərindən söz açıb.
Rəsmi hissənin ardınca açıq elan olunan karyera sərgisində 40-dan çox nüfuzlu dövlət və özəl qurum təmsil olunub. Məzunlar birbaşa işəgötürənlərlə ünsiyyət qurmaq, CV-lərini təqdim etmək və gələcək karyera imkanlarını müzakirə etmək imkanı qazanıblar.

