Fevralın 28-də Bakı Kitab Mərkəzində (Baku Book Center) Azərbaycan İdman Akademiyasının (ASA) Fizioterapiya təhsil proqramı üzrə məsul şəxsi, Avstriyanın “Complex Core+” təşkilatının icraçı direktoru Roman Yahodanın hazırladığı “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib.
“Tehsil365" xəbər verir ki, təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, səhiyyə naziri Teymur Musayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, ASA-nın rektoru Fuad Hacıyev, bir sıra dövlət qurumlarının məsul şəxsləri, hərbçilər, qazilər, Akademiyanın əməkdaşları, idman mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda bildirilib ki, təqdim olunan kompleks reabilitasiya və bərpa məşqləri əsasında, həmçinin “College London (UCL)” universitetinin protokollarına uyğun olaraq reabilitasiya işləri həyata keçirilib. Bu prosesə UCL-in professoru və Akademiyanın magistr proqramının rəhbəri Mayk Luzmor rəhbərlik edib. Eyni zamanda, ASA-nın İdman Tibbi Tədqiqatları Laboratoriyasının əməkdaşları, “İdman tibbi və reabilitasiya” magistr proqramının məzunları iştirak ediblər. Layihəyə kitabın müəllifi, "ComplexCore" (Avstriya) təşkilatının rəhbəri və Akademiyanın “Fizioterapiya” proqramının məsul şəxsi Roman Yahodanın komandası da dəstək verib. Nəticədə, hərbi qulluqçuların və qazilərin reabilitasiyası, eləcə də milli üzvlərinin funksional diaqnostikası və tibbi-bioloji müşahidəsi yerinə yetirilib.
Bildirilib ki, müharibə və post-müharibə dövründə reabilitasiyadan keçən 110 hərbi qulluqçunun 75 faizi sağlamlığı bərpa olunduqdan sonra yenidən ordu sıralarına qayıdıb.
İdman tibbi tədqiqatları laboratoriyasında müxtəlif idman növləri üzrə milli federasiyaların və klubların, ümumilikdə, 500-dən çox idmançısının funksional diaqnostikası və tibbi-bioloji müşayiəti həyata keçirilib.
ASA və “ComplexCore” təşkilatının birgə layihəsi olan kitab ölkəmizdə bu sahə üzrə çap edilmiş ilk tədris vəsaitidir. Kitabın reabilitasiya, idman məşqi, fiziki hərəkətlər mövzusunda məzmuna uyğun foto çəkilişləri tələbələrin iştirakı ilə “MediaLab”da, tərtibatı isə idman jurnalistikası magistrlərinin vasitəsilə İdman Akademiyasında aparılıb. Kitab tələbələr üçün dərs vəsaiti olmaqla yanaşı, həm də fizioterapistlər, məşqçilər, fitnes mütəxəssisləri üçün gündəlik iş fəaliyyətlərində istifadə edə biləcək bir bələdçi olacaq.
Daha sonra müəllif oxucular üçün kitabları imzalayıb, onların suallarını cavablandırıb.

