Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
“Tehsil365" AZƏRTAC istinadən xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Tədbirlərdə şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilib, ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.
Bundan əlavə, maarifləndirmə tədbirləri çərçivəsində fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, ilkin tibbi yardım, “112” zəng xidmətindən istifadə mövzularında məlumatlar əyani şəkildə şagirdlərin nəzərinə çatdırılıb.
Qeyd edək ki, məktəblərdə Ümumdünya Mülki Müdafiə Gününün qeyd edilməsinin əsas məqsədi şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.

