“Humanitar ixtisasların məzunları demək olar ki, bu imtahanda arzu olunan səviyyədə bal toplaya bilmirlər, bəziləri də bal toplaya bilməyəcəyindən ehtiyat edərək imtahana qeydiyyatdan keçmirlər” – deyə Nurəliyev vurğulayıb.
Təhsil eksperti Ramin Nurəliyev “Tehsil365” ə açıqlamasında magistratura təhsili ilə bağlı mövcud vəziyyəti geniş şəkildə şərh edib. O bildirib ki, hazırkı qəbul imtahanlarının formatı humanitar ixtisas məzunları üçün ciddi maneələr yaradır. İmtahan suallarının əsasən riyaziyyat, məntiq, informatika və xarici dil üzərində qurulması humanitar sahədən gələn gənclərin bal toplamasını çətinləşdirir.
Ekspert hesab edir ki, magistratura akademik karyeranın başlanğıcıdır və ixtisas üzrə biliklərin yoxlanması mütləqdir. Onun sözlərinə görə, tarix fakültəsini bitirən bir gənc niyə riyaziyyat və informatika üzrə imtahan verməlidir, amma öz ixtisasından sual görməməlidir? “Əgər bu adamın dəqiq fənlərə marağı olsaydı, humanitar sahəyə gəlməzdi, gedib dəqiq fənləri oxuyardı” – deyə o əlavə edib.
Nurəliyev müraciət edənlərin sayına da diqqət çəkib. Birinci cəhd imtahanına 22-23 min gənc qatıldığı halda, dövlətin ayırdığı plan yerləri 17-18 min aralığındadır. Onun sözlərinə görə, ikinci cəhd imtahanı çətin olarsa, plan yerlərinin dolmaması riski yaranacaq. Bu isə magistraturaya marağın azalmasına səbəb olur. “Əgər dövlətin verdiyi plan yerləri dolmasa, bu artıq ciddi problemə çevriləcək” – deyə ekspert bildirib.
O qeyd edib ki, hər il minlərlə gənc daha sadə qəbul prosedurlarına görə xaricdə magistratura oxumağa üstünlük verir. Diplom ortalaması ilə qəbul imkanı Türkiyə və Avropa ölkələrində gənclərə daha rahat şərait yaradır. “Məhz ona görə bizim gənclərimiz Azərbaycandakı mürəkkəb imtahanlardan imtina edərək xaricə üz tuturlar” – deyə Nurəliyev vurğulayıb.
Ekspert bəzi sahələrdə xaricdə təhsilin vacibliyini xüsusi qeyd edib. Onun sözlərinə görə, mühəndislik və kompüter yönümlü ixtisaslarda, süni intellekt, data analitikası, informasiya texnologiyaları və rəqəmsallaşma sahələrində xaricdə oxumaq müasir laboratoriyalar və texnologiyalarla tanış olmaq imkanı yaradır. Tibb ixtisası üzrə xaricdə təhsil almaq isə mütləqdir, çünki müasir tibbi avadanlıqlar və təcrübə əsasən inkişaf etmiş ölkələrdə mövcuddur.
Bununla yanaşı, bəzi ixtisaslarda xaricdə oxumağın o qədər də faydalı olmadığını deyib. Pedaqoji ixtisaslar yerli tədris tələblərinə görə Azərbaycanda oxumaq daha məqsədəuyğundur. Hüquq ixtisasında isə qanunvericilik fərqləri gənclərin Azərbaycana qayıtdıqda əmək bazarına qoşulmasını çətinləşdirir. Sosial ixtisaslarda, məsələn turizm və jurnalistika sahəsində isə seçim ölkədən asılıdır. Nurəliyev bildirib ki, MDB ölkələrində oxumağın ciddi üstünlüyü yoxdur, amma Almaniya, Britaniya, Fransa kimi inkişaf etmiş ölkələrdə və yüksək reytinqli universitetlərdə təhsil almaq faydalı ola bilər.
Jurnalistika üzrə isə ekspert iki yanaşma təqdim edib. O bildirib ki, MDB ölkələrində oxumağın ciddi üstünlüyü yoxdur, amma Almaniya, Britaniya, Fransa kimi inkişaf etmiş ölkələrdə və beynəlxalq reytinqi yüksək universitetlərdə təhsil almaq faydalı ola bilər. Turizm sahəsində isə əgər gənc ingilis dilini bilirsə, Azərbaycanda da kifayət qədər keyfiyyətli tədris prosesi həyata keçirilir və bu sahədə yerli ali məktəblərdə oxumaq mümkündür.
Sonda Nurəliyev vurğulayıb ki, gənc alimlərin formalaşması üçün magistratura təhsili xüsusi diqqət tələb edir. Onun sözlərinə görə, imtahan formatının yenilənməsi, plan yerlərinin düzgün tənzimlənməsi və gənclərin marağını artıracaq tədbirlər görülməlidir. “Magistratura akademik karyera deməkdir və bu sahədə islahatlar qaçılmazdır” – deyə ekspert fikrini yekunlaşdırıb

