Görkəmli alim və ictimai xadim Hamlet İsaxanlı (tam adı: İsayev Hamlet Abdulla oğlu) 1 mart 1948-ci ildə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan olub.
“Tehsil365” xəbər verir ki, O, çoxşaxəli fəaliyyəti ilə həm elmi, həm də ədəbi mühitdə seçilən nadir şəxsiyyətlərdəndir.
Hamlet İsaxanlı fizika-riyaziyyat elmləri doktoru, professor kimi riyaziyyat sahəsində mühüm araşdırmalar aparıb. Eyni zamanda, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis kimi tanınır. Onun araşdırmaları yalnız dəqiq elmlərlə məhdudlaşmır; alim ədəbiyyat və dilçilik, tarix və fəlsəfə sahələrində də çoxsaylı əsərlərin müəllifidir.
Şair, yazıçı və publisist kimi də fəaliyyət göstərən Hamlet İsaxanlı müxtəlif janrlarda qələmə aldığı əsərlərlə Azərbaycan ədəbi fikrinə töhfə verib. O, həmçinin tərcüməçi və sahibkar kimi də ictimai həyatda fəal mövqe tutur.
Elm və mədəniyyətin vəhdətini öz fəaliyyətində birləşdirən Hamlet İsaxanlı müasir Azərbaycan intellektual mühitinin formalaşmasında mühüm rol oynayan simalardan biri kimi dəyərləndirilir.

