Azərbaycanda media ilə dövlət qurumları arasındakı əməkdaşlıq inkişaf. mərhələsindədir. Son illərdə rəsmi qurumların mətbuat xidmətləri aktivləşib, sosial şəbəkələr vasitəsilə açıqlamalar artıb, Medianın İnkişafı Agentliyi fəaliyyətə başlayıb və bu media mühitinə institusional dəstək göstərir. Lakin əsas çağırış qarşılıqlı etimadın formalaşması və məlumat əldə etməyə bərabər imkanların təmin edilməsidir.
Bu fikirləri Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova “Tehsil365”ə açıqlamasında bildirib. Texniki imkanlar artsa da, əsas məsələ qarşılıqlı etimad və açıq hesabatlılıq mədəniyyətidir. Dünya təcrübəsi göstərir ki, güclü media ilə açıq dövlət arasında münasibətlər yalnız normativ sənədlərlə deyil, gündəlik idarəetmə mədəniyyəti ilə dəstəklənir. Məsələn, Avropa ölkələrində açıq məlumat bazaları, müntəzəm brifinqlər və ictimai hesabatlılıq media üçün sabit informasiya mühiti yaradır.
Elnarə Akimova vurğulayıb ki, Azərbaycanda da Prezident Administrasiyası və digər mərkəzi qurumların açıqlamaları operativləşib, Milli Məclisdə ictimai müzakirələrin mediada işıqlandırılması qanunvericiliyin şəffaflığını artırır. güclü media ilə açıq dövlət arasında qurulan əlaqə yalnız xəbərləri çatdırmır, həm də ictimai etimadı möhkəmləndirir. Lakin informasiya gecikmələri və boşluqları bu etimadı zəiflədir, buna görə qarşılıqlı kommunikasiya mədəniyyətinin inkişafı vacibdir.

