Yeniyetmə boksçular arasında Azərbaycan çempionatına yekun vurulub.
“Tehsil365" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 7 gün davam edən çempionatda oğlanlarda 14, qızlarda 9 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Boks Mərkəzində təşkil olunan final döyüşlərində qalib gələn Aydın Şahbazov, Həsrət Məmmədov, Vaqif Məhəmmədli, Qardaş Rəhimov, İsmayıl Nəsirzadə, Rəhman Bayramlı, Məhəmmədəli İstamov, Tunar Mehdiyev, Məhəmmədəli Rüstəmov, Yusif Həsənli, Adəm Aslanov, Şükar Əliyev, Saleh Fərəcov və Mehran Rəsulov çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında "Neftçi" İdman Klubu birinci yeri tutub – 4 qızıl, 4 gümüş, 3 bürünc medal. İkinci pilləyə Gəncə komandası (3-0-3) yiyələndiyi halda, "üçlüy"ü Respublika Kompleks İdman Məktəbi (2-1-1) qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Şükar Əliyev layiq görülüb. Coşua Tobar Lomas (Ekvador) ən yaxşı hakim seçilib.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Xatırladaq ki, U-17 Azərbaycan çempionatında daha öncə başa çatan qız boksçuların mübarizəsində Nigar Babazadə (44 kq), Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Leyla Mahmudlu (50 kq), Alsu Yafarova (52 kq), Cəmilə Muradlı (57 kq), Zöhrə İmanova (63 kq), Fidan Bakarova (66 kq) və Xumar Cəfərli (80 kq) Azərbaycan çempionu tituluna yiyələniblər.
Qeyd edək ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 82 komandanın 459 boksçusu qüvvəsini sınayıb.

