Son illər süni intellekt texnologiyalarının sürətlə inkişafı reallıqla saxtanı ayırd etməyi xeyli çətinləşdirib. Bu vəziyyət yaxın günlərdə Baku TV-də yayımlanan veriliş zamanı aparılan eksperimentdə açıq şəkildə nümayiş etdirilib.
“Tehsil365” xəbər verir ki,eksperiment zamanı jurnalist Kübra Məhərrəmovanın sosial şəbəkədə paylaşdığı fotolardan biri süni intellekt proqramına yüklənib. Cəmi bir neçə dəqiqə ərzində həmin fotodan istifadə edilərək onun üz cizgilərinə uyğun saxta görüntülər hazırlanıb. Hazırlanan foto və videolar o qədər real görünüb ki, izləyənlərin əksəriyyəti onların süni olduğunu dərhal müəyyən edə bilməyib. Üz cizgilərinin dəqiqliyi və mimikaların uyğunluğu texnologiyanın artıq hansı səviyyəyə çatdığını göstərib.
Eksperiment zamanı istifadə edilən alətlərdən biri də 2018-ci ildə yaradılmış Reface tətbiqi olub. Bu tətbiq istifadəçilərə öz üzlərini müxtəlif video və şəkillərə yerləşdirməyə imkan verir. Süni intellekt alqoritmləri üz cizgilərini və hərəkətləri uyğunlaşdırdığı üçün ortaya çıxan görüntülər real təsir bağışlayır. Bu texnologiyalar “deepfake” kimi tanınan saxta görüntülərin hazırlanmasını xeyli asanlaşdırıb.
Eksperiment göstərib ki, sosial şəbəkələrdə paylaşılmış bir neçə foto belə insanın heç vaxt iştirak etmədiyi görüntülərin hazırlanması üçün kifayət edir. Bu isə xüsusilə sosial şəbəkələrdə aktiv olan şəxslər üçün ciddi risk yaradır.
Son dövrlər Azərbaycanda da bu kimi hallara rast gəlinib. Belə ki, Bakı Dövlət Universitetinin tələbələri barədə süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülərin yayılması cəmiyyətdə narahatlıq yaradıb. Hadisə ilə bağlı şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək həbs olunub.
Mütəxəssislər bildirirlər ki, süni intellekt texnologiyalarının təhlükəsi onların mövcudluğunda deyil, necə istifadə olunmasındadır. Artıq istənilən foto və ya video sübut kimi qəbul olunmaya bilər. Bu səbəbdən sosial şəbəkələrdə yayılan görüntülərə tənqidi yanaşmaq və şəxsi məlumatların qorunmasına diqqət yetirmək vacib hesab olunur.
Bugünkü rəqəmsal dövrdə təhlükəsizlik yalnız fiziki deyil, həm də rəqəmsal müstəvidə təmin olunmalıdır. Çünki bəzən sadəcə bir foto belə insanın nüfuzuna zərər vurmaq üçün kifayət edir.

