Bu Gün Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun doğum günüdür.
“Tehsil365” xatırladır ki, Məzahir İzzət oğlu Rüstəmov 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, adını Böyük Vətən Müharibəsi iştirakçısı, təyyarəçi Məzahir Abasovun şərəfinə daşıyıb. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirib, 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1986-cı ildən Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant, 1990-cı ildə isə Dövlət Mətbuat Nazirliyində “Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi”nin müdiri vəzifəsində çalışıb.
1992-ci il 23 mart tarixində könüllü olaraq Milli Ordu sıralarına yazılan Məzahir Rüstəmov Şınıx cəbhəsinə göndərilib və komandir müavini təyin olunub. Strateji əhəmiyyət daşıyan Mutudərə istiqamətində gedən döyüşlərdə o, həm kəşfiyyatçı, həm də komandir kimi fəallıq göstərib.
1992-ci il avqustun 5-də Ermənistan silahlı birləşmələrinin Mutudərə istiqamətində hücumu zamanı baş leytenant Məzahir Rüstəmovun dəstəsi ilk zərbəni öz üzərinə götürüb. O, son nəfəsinədək döyüşərək dinc əhalinin təhlükəsiz şəkildə ərazidən çıxarılmasına şərait yaradıb və qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Məzahir Rüstəmov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. O, Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

