Mart ayı ərzində Yer sakinləri bir neçə maraqlı astronomik hadisəni müşahidə edə biləcəklər.
“Tehsil365" xəbər verir ki, bu barədə TASS agentliyinə Ural Federal Universitetinin tədris astronomiya rəsədxanasının mühəndisi Vladilen Sanakoyev məlumat verib.
Onun sözlərinə görə, martın 7 və 8-də parlaq Venera planeti Saturn və Neptun planetlərinə yaxın mövqedə olacaq. Jurnalistlər bu cür yaxınlaşmanı "Veneranın öpüşü" adlandırırlar. Alim bildirib ki, bu, yaxın üç ay ərzində Saturnu müşahidə etmək üçün son əlverişli dövrdür. Belə ki, iyulun sonunadək planet Günəşə yaxın yerləşdiyinə görə müşahidə üçün əlçatmaz olacaq.
Planetlərin yaxınlaşmasını Günəş batdıqdan sonra səmanın qərb hissəsində, üfüqə yaxın ərazidə görmək mümkün olacaq. Müşahidə üçün binokl və ya teleskopdan istifadə etmək tövsiyə edilir.
Bundan əlavə, martın 3-də Uzaq Şərq sakinləri tam Ay tutulmasını izləyə biləcəklər. Tutulmanın maksimum mərhələsi Moskva vaxtı ilə saat 14:33-ə (Bakı vaxtı ilə saat 15:33-ə - red.) təsadüf edəcək.
Həmçinin martın 15-dən 25-dək Beynəlxalq Kosmik Stansiyanı axşam saatlarında müşahidə etmək üçün ən əlverişli dövr olacaq. Stansiya səmanın qərb hissəsində üfüqə yaxın görünəcək və cənuba doğru hərəkət etdikcə parlaqlığı artacaq.

