“İmtahan dövründə yaranan gərginlik şagirdin bilik səviyyəsindən daha çox onun psixoloji vəziyyətinə təsir edir.”
Bu fikirləri “Tehsil365"ə açıqlamasında pedaqoq Validə Quliyeva bildirib.
Pedaqoq qeyd edib ki, imtahan öncəsi həyəcan müəyyən dərəcədə normaldır, lakin həddindən artıq stress şagirdin nəticələrinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, bəzi şagirdlər imtahan zamanı bildiklərini tam şəkildə ifadə edə bilmirlər.
"Stress artdıqca diqqət zəifləyir, yaddaşda olan məlumatları xatırlamaq çətinləşir. Bu isə real bilik səviyyəsinin tam əks olunmasına mane olur," — deyə Validə Quliyeva vurğulayıb.
O bildirib ki, imtahan stressinin əsas səbəblərindən biri valideyn və ətraf mühit tərəfindən qoyulan yüksək gözləntilərdir.
"Uşağa daim yüksək nəticə tələbi ilə yanaşmaq onun üzərində əlavə psixoloji təzyiq yaradır. Ən vacibi, uşağın səylərini qiymətləndirmək və onu dəstəkləməkdir," — deyə pedaqoq əlavə edib.
Validə Quliyeva hesab edir ki, düzgün planlama, vaxt bölgüsü və istirahət rejiminə əməl etmək stressin azaldılmasına kömək edir.
"Şagird həm dərsə, həm də istirahətə vaxt ayırmalıdır. Sağlam yuxu və düzgün qidalanma da imtahan dövründə mühüm rol oynayır," — deyə o bildirib.

