Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəhid Səbuhi Əsədov Azər oğluna həsr olunmuş yeni proqram yayımlanacaq.
“Tehsil365" xəbər verir ki, Səbuhi Əsədov 1999-cu il yanvarın 19-da Bakı şəhərində anadan olub və əslən Cəbrayıl rayonunun Həsənli kəndindəndir. 2005-ci ilin 15 sentyabrında Suraxanı rayonu 85 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-cı il iyulun 14-də isə həmin məktəbi bitirmişdir.
Hərbi xidmətə 2019-cu il iyulun 5-də yollanan Səbuhi Əsədov Mingəçevir şəhərində N saylı hərbi hissədə xidmətini davam etdirib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı o, Tərtər istiqamətində Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2020-ci il oktyabrın 10-da Suqovuşan istiqamətində şəhid olmuş və Suraxanı rayonu Bülbülə qəsəbəsindəki şəhidlər məzarlığında dəfn edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Səbuhi Əsədov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
“Tehsil365” İnformasiya Agentliyinin layihəsi olan “Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Səbuhi Əsədova həsr olunub. Proqram 3 mart saat 18:00-da yayımlanacaq. Buraxılışın aparıcısı isə “Tehsil365”in Könüllü müxbir layihəsində iştirak etmiş və 1-ci dərəcəli sertifikatla mükafatlandırılmış Ramidə Əliyeva olacaq.

