Martın 2-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu arasında təhsil, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
“Tehsil365" xəbər verir ki, memorandum kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən tərəflər:
• İnşaat materiallarının təkmilləşdirilməsi və yeni nəsil kimyəvi tərkiblərin hazırlanması (izolyasiyaedici bitumlar, xüsusi müdafiə boyaqları, yapışdırıcılar, superplastifikatorlar və s.);
• Yol tikintisi və beton texnologiyalarında innovativ aşqar və aktivləşdiricilərin işlənməsi;
• İnşaat materiallarında radiasiya və kimyəvi risklərin qiymətləndirilməsi;
• Ətraf mühit və işçi zonalarda təhlükə yaradan amillərin ölçülməsi və idarə olunması;
• Birgə elmi simpozium, seminar və konfransların təşkili;
• Professor-müəllim heyəti və elmi işçilər üçün ixtisasartırma proqramlarının həyata keçirilməsi;
• Tələbələrin istehsalat təcrübələrinin təşkili və birgə elmi nəşrlərin hazırlanması kimi istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.
Sənədi AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova və institutun baş direktoru akademik Vaqif Abbasov imzalayıblar.
İmzalanma mərasimindən sonra çıxış edən rektor Gülçöhrə Məmmədova Prezident İlham Əliyev tərəfindən ali təhsil ilə elmin inteqrasiyalı inkişafına dair səsləndirilən konseptual fikirlərə diqqət çəkib. Rektor bildirib ki, AzMİU son illər elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsini prioritet istiqamət kimi müəyyənləşdirib və tədqiqat universitetinə çevrilməsi istiqamətində sistemli addımlar atılır. O, qlobal reytinqlərdə əldə olunan mühüm irəliləyişlərin, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinin və innovativ layihələrin bu strategiyanın nəticəsi olduğunu vurğulayıb.
Professor Gülçöhrə Məmmədova qeyd edib ki, Neft-kimya Prosesləri İnstitutu ilə əməkdaşlıq xüsusilə inşaat mühəndisliyi və materialşünaslıq sahələrində tətbiqi elmin gücləndirilməsinə, sənaye ilə əlaqələrin dərinləşdirilməsinə və rəqabətqabiliyyətli kadr hazırlığına mühüm töhfə verəcək.
Akademik Vaqif Abbasov bildirib ki, inşaat materialları, korroziyaya qarşı müdafiə, yeni nəsil polimer və kompozitlərin işlənməsi kimi istiqamətlərdə AzMİU ilə birgə tədqiqatların aparılması innovativ və praktik nəticələr verəcək. Elm və təhsilin inteqrasiyası yalnız nəzəri deyil, real sektorun ehtiyaclarına cavab verən konkret məhsul və texnologiyaların yaradılması baxımından da əhəmiyyət daşıyır.
Görüş çərçivəsində nümayəndə heyətlərinin iştirakı ilə geniş müzakirələr aparılıb, əməkdaşlığın dərinləşdirilməsi üçün prioritet istiqamətlər müəyyənləşdirilib, mövcud elmi və texniki imkanlar gözdən keçirilib.
Memorandum 5 il müddətinə qüvvədədir və tərəflərin qarşılıqlı razılığı əsasında konkret layihə və proqramlar üzrə əlavə protokollar və müqavilələr imzalanacaq.

