Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans öz işini yekunlaşdırıb.
“Tehsil365" xəbər verir ki, beynəlxalq elmi konfransda Azərbaycandan başqa, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən gəlmiş tanınmış elm adamları iştirak ediblər.
Araşdırmaçı-jurnalist Aida Eyvazlı Göytürkün AMEA-nın “Elm” nəşriyyatı tərəfindən çap olunmuş “Sahaya” kitabı konfrans iştirakçılarına hədiyyə edilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin kitaba yazdığı ön sözdə deyilir: “Sahaya” nəşri Yakutiya və Saxa türkləri haqqında Azərbaycanda yazılmış ilk genişhəcmli və ümumiləşdirilmiş kitabdır. Bu əsər Türk dünyası və türkologiya elmi üçün də zəngin mənbə və faydalı bələdçidir. Ən başlıcası isə tam zamanında nəşr edilən “Sahaya” kitabı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə qeyd edilən Birinci Türkoloji Qurultayın 100 illiyinə layiqli töhfədir”.
Qeyd edək ki, kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürovdur. “Sahaya” elmi-publisistik kitabında yazıçı Aida Eyvazlı Göytürk qədim sak torpaqları olan Yakutiyanın və burada yaşayan saxalıların dərin qatlı tarixindən, onların məişəti və mədəniyyətindən, eyni zamanda, ədəbiyyatından söz açır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Sahaya” kitabı, eyni zamanda, Türkiyədə Avrasiya Yazarlar Birliyinin təşəbbüsü ilə “BENGU” yayım evi tərəfindən türk dilində çap olunub.

