Yüz il əvvəl bu salonda həm azərbaycanlı elm adamları, həm də Türk dünyasının və Rusiyadan gələn elm adamları Türk dünyasında birliyi, xüsusən də əlifba birliyini qurmaq üçün müxtəlif fikirlər irəli sürdülər. Onlar əlifbanın eyni olması, xüsusilə latın qrafikalı əlifbaya keçidlə bağlı müxtəlif mübahisələr apardılar. Bu, əlbəttə ki, türk birliyi, türklərin bir-birini başa düşməsi üçün çox vacib idi. İstanbulda da ərəb əlifbası işlədilirdi. Krımdakı, Kazandakı, Azərbaycandakı və ya Tbilisidəki türklər o zaman bir-birilərini tam anlamaqda və ya yazılanları oxumaqda çətinlik çəkirdilər. Bunun üçün latın qrafikalı əlifba bizim sözlərimizi daha gözəl ifadə edirdi. Ərəb əlifbasındakı bəzi nüanslar dilimizi tam əks etdirmirdi.
“Tehsil365" xəbər verir ki, bu fikirləri Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın iştirakçısı, Türkiyənin Mərmərə Universitetinin dosenti Sərdar Oğuzhan Çayçıoğlu tədbirlə bağlı təəssüratlarını bölüşərkən deyib. Onun sözlərinə görə, Birinci Türkoloji Qurultay Türk Dövlətləri Təşkilatının qurulmasının da rəmzi təməlidir: “Bu səbəbdən Qurultayı vacib hesab edirik və onun yubileyi münasibətilə burada toplaşmışıq. Yüz ildə bu qədər mühüm məsafə qət edilməsi təqdirəlayiqdir. Bu məsələdə son illərdə Azərbaycan ilə Türkiyə arasında daha sıx yaxınlaşmanın da rolu var. Xüsusilə Qarabağ müharibəsindən sonra daha böyük yaxınlaşma oldu və bu, Türk Dövlətləri Təşkilatına çevrildi. Əvvəllər bunun adı “Türkdilli Xalqların Birliyi” və ya buna bənzər şəkildə idi. Amma artıq adı “Türk Dövlətləri” oldu. Bəzi dövlətlər müşahidəçi kimi qatıldılar, amma artıq onlar da yaxından izləyərək bu birliyə daxil olmağa başladılar. Buna görə də son illərdə birlik mənasında daha böyük yaxınlaşma görürəm. Burada olduğumuz üçün çox qürurlu və xoşbəxtik. Bu, mənim üçün mühüm bir fürsətdir. Bir gənc alim kimi 100-cü ildə burada olduğum üçün özümü şanslı hiss edirəm”.

