İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”sına uyğun olaraq rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması istiqamətində tədbirləri davam etdirir.
Mərkəzdən “Tehsil365"ə bildirilib ki, bu çərçivədə “Elm və sənaye klasteri 4.0”ın formalaşdırılması, “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın icrası ilə bağlı 4SİM Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq edir. Proqram çərçivəsində daha çox tələbənin yerli müəssisələrin texnoloji diaqnostikası və transformasiyası üçün yol xəritələrinin hazırlanması prosesinə təcrübəçi qismində cəlbi nəzərdə tutulub.
4SİM-in AzTU ilə tərəfdaşlığı çərçivəsində “4Sİ Akademiyası - Milli Proqram”dan universitetin 1177 tələbə və əməkdaşı faydalanıb. Onlar “Coursera” platformasında data elmi, kibertəhlükəsizlik, STEM sahəsinə daha çox maraq göstəriblər və ümumilikdə 2779 beynəlxalq sertifikat əldə ediblər.
Qeyd edək ki, tələbə və müəllimlər üçün təlim və sertifikat proqramlarının icrası, “Milli Proqram” çərçivəsində “Coursera” platforması üzərindən universitetin yaratdığı təlim və kursların yerləşdirilməsi, habelə kreditlərin tanınması imkanları və hakatonların təşkili istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.

