Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfrans çərçivəsində Bakıda səfərdə olan Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Əlyazmalar İnstitutunun direktoru Davut Orazsəhədov AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub.
Bu barədə “Tehsil365"ə Ədəbiyyat İnstitutundan məlumat verilib. Ədəbiyyat İnstitutunda 2024-cü ilin may ayından etibarən Məhtimqulu Fəraqi adına Türkmən Ədəbiyyatı Mərkəzinin fəaliyyət göstərdiyi və burada indiyədək türkmən ədəbiyyatına dair 10-dan artıq tədqiqat, tərtib və tərcümə kitabının hazırlanaraq nəşr olunduğu qonağın diqqətinə çatdırılıb. İnstitutun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli gələcəkdə ortaq tədqiqatların aparılmasının, birgə məqalə və kitabların yazılmasının vacibliyini vurğulayıb.
Davut Orazsəhədov Azərbaycanda Məhtimqulu Fəraqi irsinin yüksək səviyyədə araşdırıldığını məmnunluqla qeyd edib. O, Ədəbiyyat İnstitutu tərəfindən Məhtimqulu Fəraqinin Bakıda aşkar olunan “Divan” nüsxəsinin nəşrini, həmçinin şairin “Poemalar” kitabının ilk dəfə çap olunmasını xüsusi vurğulayıb.
Sonra qonaq Türkmən Ədəbiyyatı Mərkəzi ilə tanış olub. Mərkəzin müdiri dosent İsmixan Osmanlı və türkmən ədəbiyyatı üzrə tədqiqatçı dosent Töhfə Talıbova Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin öyrənilməsi istiqamətində həyata keçirilən elmi layihələr barədə məlumat veriblər.
Görüşdə birgə tədqiqatların həyata keçirilməsi və elmi əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

