Birinci Türkoloji Qurultayda təkcə sovet türkoloqları deyil, həmçinin Türkiyə, Almaniya və digər ölkələrdən gələn, türk xalqlarını təmsil edən nümayəndələr iştirak edib. Bu toplantının İsmayıl bəy Qaspıralıya və cədidçilik hərəkatına qədər uzanan böyük bir tarixi arxa planı var idi. Qaspıralının gələcək üçün böyük ümidləri və hədəfi var idi: türk xalqları üçün ortaq ədəbi dil, ortaq ədəbiyyat və ortaq mədəni həyat yaratmaq. Buna böyük ehtiyac var idi, çünki biz Bilgə xaqandan və Orxon-Yenisey abidələrindən bəri tarixdə müstəqil yaşamış bir millətik, müstəqillik bizim xarakterimizdir.
“Tehsil365" xəbər verir ki, bu fikirləri “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Ankara Hacı Bayram Vəli Universitetinin Türkoloji Mərkəzinin direktoru professor Hülya Kasapoğlu-Çengel deyib.
O bildirib ki, çar Rusiyasının hakimiyyəti ilə Türk dünyası güclü, totalitar və avtoritar bir rejimin altına düşmüşdü: “Qaspıralının “Tərcüman” qəzeti, eləcə də o dövrdə Azərbaycanda nəşr olunan “Ziyayi-Qafqaziyyə” və “Kəşkül” kimi mətbuat orqanlarının hamısının məqsədi eyni idi: ortaq mədəni həyat qurmaq. İ.Qaspıralı buna nail oldu və fəaliyyəti vəfatından sonra da davam etdi. Onun yarımçıq qalan hədəfləri 1926-cı ildə Bakıda bir qığılcıma çevrildi. Xarici türkoloqlar qurultayın Radlova ithaf olunmasını istəsələr də, Səməd Ağamalıoğlu kimi simaların başçılıq etdiyi türk tərəfi onun məhz İ.Qaspıralıya ithaf olunmasını təklif etdilər. Bu, Türk dünyasının ümidi və gələcəyi idi. Ən önəmli məsələ isə əlifba idi. Bir tərəf bizi tarixi mirasa bağlayan on əsrlik ərəb əlifbasında qalmağı, digər tərəf isə latın qrafikasına keçməyi müdafiə edirdi. Bu Qurultayda Əhməd Baytursunov, Qasım Tınıstanov və Aqafangel Krımski kimi şəxsiyyətlər iştirak edirdilər. Onların aqibəti isə çox ağır oldu, biri əcəli ilə vəfat etdisə, digərlərinin hamısı “Böyük terror” dövründə ya qətlə yetirildi, ya həbsxanalarda can verdi, ya da sürgün olundu”.
“Bu gün biz 100 il əvvəlin qiymətini yenidən dərk edirik və Azərbaycan yenidən bu tarixi hadisəyə ev sahibliyi edir. O zaman Azərbaycan SSR-in paytaxtı olan Bakı, indi müstəqil Azərbaycan Respublikasının paytaxtı kimi bu günü yad edir. Lakin bu toplantılarla sadəcə kifayətlənməməli, 100 ildir həllini gözləyən məsələlər artıq real həyata keçirilməlidir”, - deyə professor qeyd edib.

