Əslində, XIX əsrin ikinci yarısı və XX əsrin birinci yarısında türklər oyanış dövrünə qədəm qoydular. Bakı Türkoloji Qurultayı bunun nəticəsidir. Hazırda dünyada türkoloji araşdırmalarda bu, çox dəyərli bir simvoldur. Bu gün biz türk tarixini, dilini, ədəbiyyatını və mədəniyyətini araşdırırıqsa, bunu Bakı Türkoloji Qurultayına borcluyuq. O dövrün çətin şərtləri altında, sovetlərin təzyiqi və s. baxmayaraq Qurultay iştirakçıları əllərindən gələni etdilər. Biz də onların yolu ilə getməyə çalışırıq. Qurultaya qatılmış o 131 nəfərə minnətdarlığımızı bildiririk. Çünki türk tarixi çox geniş bir əraziyə yayılıb.
“Tehsil365" xəbər verir ki, bu fikirləri Fatih Sultan Mehmet Universitetinin professoru Ahmet Taşağıl Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın əhəmiyyətindən danışarkən söyləyib. O bildirib ki, Koreyadan Macarıstana, Sibirin dərinliklərindən Hindistana qədər çox geniş sahələrdə türk tarixi özünü göstərir: “Bakı Türkoloji Qurultayı isə bunun zirvəsidir. Biz bu zirvədən dərs çıxararaq gələcək nəsillərə türkoloji araşdırmaların necə aparılmalı olduğunu anlatmalıyıq. Bir tarixçi kimi deyə bilərəm ki, biz türk tarixini və mədəniyyətini ən yüksək səviyyədə araşdırıb gələcək nəsillərə ötürməliyik. Ona görə də 100-cü ildə burada toplaşmaq çox dəyərlidir. Mən Azərbaycan dövlətinə və xalqına, Elmlər Akademiyasına, Türkiyədən və Türk dünyasının digər ölkələrindən gələn hər kəsə təşəkkür edirəm. İndi mən burada olduğum üçün çox həyəcanlı və qürurluyam. Bir çox ölkələrdən gələn dostlarım var. Bir araya gəlmək, buranı yad etmək çox vacibdir. Çünki bu insanların bir hissəsi əziyyət gördü, işgəncəyə məruz qaldı və həyatını itirdi. Bunları gələcək nəsillərə düzgün anlatmaq və unutmamaq lazımdır. Hər zaman daha irəliyə doğru getməliyik”.

