Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (Beijing University of Civil Engineering and Architecture-BUCEA) arasında magistratura səviyyəsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində 8 tələbə sabah Çinə yola düşür.
Bu barədə “Tehsil365"ə BMU-dan məlumat verilib. Bildirilib ki, bu münasibətlə universitetdə təşkil olunan görüşdə BMU-nun beynəlxalq məsələlər üzrə prorektoru Ətrabə Gül proqramın tələbələrə yalnız iki diplom əldə etmək imkanı yaratmadığını, eyni zamanda, onların beynəlxalq akademik mühitdə formalaşmasına, müxtəlif elmi məktəblərlə tanış olmasına və qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsinə şərait yaratdığını söyləyib. Qeyd edib ki, Çin ali təhsil sistemi intizamı, yüksək akademik tələbləri və güclü tədqiqat ənənələri ilə seçilir. Bu mühitdə təhsil magistrantların həm nəzəri biliklərini dərinləşdirəcək, həm də praktik bacarıqlarını və müstəqil tədqiqat qabiliyyətlərini inkişaf etdirəcək. Prorektor vurğulayıb ki, BUCEA ilə birgə icra olunan proqram universitetin beynəlmiləlləşmə strategiyasının mühüm tərkib hissəsidir və tələbələr üçün yeni elmi, texnoloji, o cümlədən mədəni imkanlar açır.
Görüş zamanı tələbələrə qarşıdakı akademik proses, təhsil sistemi və yeni həyat mərhələsi ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, Çin cəmiyyətinin xüsusiyyətləri, gündəlik həyat qaydaları, mədəni dəyərləri və sosial davranış normaları barədə informasiyalar təqdim edilib. Tələbələrə təhsil alacaqları ölkənin qanun və ənənələrinə hörmətlə yanaşmağın, akademik məsuliyyət və intizam nümayiş etdirməyin vacibliyi xatırladılıb, həmçinin Azərbaycanın ali təhsil sistemini və milli dəyərlərini layiqincə təmsil etmələri tövsiyə olunub.
Sonda tələbələrin sualları cavablandırılıb, onlara təhsillərində uğurlar arzulanıb.
Xatırladaq ki, BMU ilə BUCEA arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən iki model çərçivəsində memarlıq, inşaat mühəndisliyi, ətraf mühit mühəndisliyi, informasiya texnologiyaları, maşınqayırma mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı həyata keçirilir. Təhsil prosesi 0,5+1,5 il formatında təşkil olunur: tələbələr proqramın ilk semestrini BMU-da, növbəti üç semestrini isə BUCEA-da davam etdirirlər. Proqramın əsas məqsədi beynəlxalq təcrübəyə malik, yüksəkixtisaslı və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasıdır.
Proqrama müəyyən edilmiş kriteriyalara uyğun olaraq seçilən tələbələr təhsillərini başa vurduqdan sonra hər iki universitetin magistr diplomunu əldə edəcəklər.

